Ermənistan 44 günlük Vətən müharibəsindən sonra hərbi baxımdan ağır məğlubiyyət yaşadı. 2023-cü ilin sentyabrında isə Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə Qarabağdakı separatçı rejimin mövcudluğuna da son qoyuldu. Bununla Ermənistanın uzun illər əsas təhlükəsizlik və hərbi strategiyasını müəyyən edən Qarabağ faktoru birdəfəlik aradan qalxdı.

Lakin bundan sonra İrəvanın qarşısında başqa bir problem yarandı: itirilmiş hərbi imkanların bərpası.

Son illərdə Ermənistanın atdığı addımlara baxdıqda görünən mənzərə budur ki, ölkə ordusunu yenidən qurmağa və müasir silahlarla təchiz etməyə çalışır. Bu proses artıq təkcə silah almaqla məhdudlaşmır. Ermənistan yeni hərbi tərəfdaşlar axtarır, müxtəlif ölkələrlə müdafiə əməkdaşlığını genişləndirir, ordunun idarəetmə sistemini dəyişir və sərhəd xəttində müdafiə imkanlarını artırır.

Məsələn, Hindistanla hərbi əməkdaşlıq son illərdə ciddi şəkildə genişlənib. 2026-cı ilin avqustunda Hindistanın müdafiə katibi Rajesh Kumar Singh İrəvana səfər edib. Səfər zamanı Ermənistan Müdafiə Nazirliyi ilə hərbi-texniki əməkdaşlıq, daha sonra isə iki ölkənin Baş Qərargahları arasında yeni əməkdaşlıq formatını müəyyən edən sənəd müzakirə olunub.

Fransa ilə münasibətlər də eyni istiqamətdə inkişaf edir. Ermənistan artıq ənənəvi olaraq Rusiyadan asılı olan silah tədarük sistemini dəyişərək Fransa, Hindistan və digər ölkələrlə əməkdaşlığı artırır. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun təhlilinə görə, İrəvan 2020-ci il müharibəsindən sonra müdafiə alışlarını diversifikasiya etməyə başlayıb və Fransa ilə yanaşı Hindistan əsas yeni tərəfdaşlardan birinə çevrilib.

Armenia wants to localize production of Indian munitions | Eurasianet

Bu siyasətin Ermənistan hakimiyyəti tərəfindən verilən izahı isə kifayət qədər sadədir: ordu modernləşdirilir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Hindistandan alınan hərbi texnikanın məqsədinin ordunun modernləşdirilməsi olduğunu və bunun hər hansı üçüncü ölkəyə qarşı yönəlmədiyini bildirib.

Ancaq burada əsas məsələ niyyətdən daha çox nəticədir.

Çünki sülh prosesinin getdiyi bir vaxtda Ermənistan ordusunun yenidən qurulması, yeni silahların alınması və sərhəddə hərbi hazırlığın artırılması istər-istəməz sual yaradır: İrəvan sadəcə müdafiə qabiliyyətini bərpa edir, yoxsa gələcək üçün yeni hərbi balans yaratmağa çalışır?

Son günlər bu suala daha bir detal əlavə olunub.

Sentyabrın 3-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrdən birinə gözlənilməz səfər edib. Ermənistan mətbuatının məlumatına görə, Asryan səhər saatlarında sərhəd hərbi hissəsinə gedərək planlaşdırılan tədbirlərin gedişini yerində yoxlayıb.

Bu, təkcə protokol xarakterli səfər kimi qiymətləndirilməməlidir. Çünki Ermənistan Baş Qərargahının son aylardakı fəaliyyəti göstərir ki, ordu daxilində real vəziyyətin yoxlanılması, döyüş hazırlığının artırılması və sərhəd bölmələrinə diqqət xüsusi əhəmiyyət daşıyır. Ermənistan Müdafiə Nazirliyinin məlumatlarında da nazirin və Baş Qərargah rəisinin hərbi birləşmələrə səfərləri və şəxsi heyətlə görüşləri öz əksini tapıb.

Beləliklə, söhbət yalnız kağız üzərində aparılan hərbi islahatdan getmir. Ermənistan real olaraq ordunun sərhəddəki fəaliyyətinə yenidən baxır.

İrəvanın hərbi siyasətində diqqət çəkən başqa məqam isə Qarabağdakı separatçı rejimin hərbi strukturlarında xidmət etmiş şəxslərin Ermənistan ordusunda yenidən önə çıxmasıdır. Bunun son nümunəsi Samvel Qriqoryanın təyinatıdır.

Paşinyan Qarabağda separatçılıq etmiş qərargah rəisinə vəzifə verdi

Avqustun 31-də Ermənistan Prezidenti Vahan Xaçaturyan Baş nazir Nikol Paşinyanın təqdimatı əsasında Samvel Qriqoryanı 3-cü Ordu Korpusunun komandiri təyin edib.

Qriqoryanın keçmişi isə xüsusilə diqqət çəkir. O, uzun müddət Qarabağdakı separatçı hərbi strukturlarda müxtəlif vəzifələrdə çalışıb. 2016-cı ildə Ağdərə istiqamətində hərbi hissələrdən birinə rəhbərlik edib, 2020-ci il müharibəsi zamanı separatçı qüvvələrin 10-cu dağ-atıcı diviziyasının qərargah rəisi olub. Müharibədən sonra isə separatçı rejimin “Müdafiə Ordusu”nun qərargah rəisi vəzifəsini tutub. 2023-cü ildən sonra Ermənistan Müdafiə Nazirliyində çalışıb. İndi isə həmin şəxs Ermənistan ordusunun mühüm korpuslarından birinə rəhbər gətirilib. Bu təyinat təsadüfi görünmür.

İrəvan bir tərəfdən Qarabağ məsələsinin başa çatdığını, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh prosesinə sadiq olduğunu bildirir. Digər tərəfdən isə Qarabağdakı hərbi strukturlarda təcrübə toplamış kadrları öz ordusunun sisteminə daxil edir.

Burada söhbət mütləq revanş hazırlığından getmir. Məsələ budur ki, Ermənistan mövcud hərbi kadr çatışmazlığını və komandanlıq təcrübəsi problemini həll etməyə çalışır.

Ermənistan ordusunun 2020-ci il müharibəsindən sonra ciddi problemlərlə üzləşdiyi heç kimə sirr deyil. Qarabağdakı separatçı hərbi strukturun dağılması ilə Ermənistan yalnız işğal etdiyi əraziləri itirmədi, eyni zamanda illərlə formalaşdırdığı hərbi kadr sisteminin mühüm hissəsini də itirdi. İndi həmin boşluğu doldurmaq lazımdır.

Qarabağda xidmət etmiş zabitlərin bir hissəsi hərbi təcrübəyə malikdir. Onlar uzun illər sərhəd, müdafiə xətti, artilleriya, kəşfiyyat və komandanlıq sahələrində çalışıblar. Ermənistan üçün belə kadrları tamamilə kənarda saxlamaq müəyyən mənada resurs itkisi deməkdir. 

Ona görə də İrəvanın hazırkı siyasətində iki xətt paralel gedə bilər: Birinci xətt ordunun yenidən qurulması, ikinci xətt isə mövcud hərbi kadr resursundan maksimum istifadə etməkdir. Samvel Qriqoryanın təyinatı bu yanaşmanın ən son nümunələrindən biridir.

Ermənistanın Rusiya ilə münasibətlərində yaranmış problemlər İrəvanı alternativ silah mənbələri axtarmağa məcbur edib. Hindistan və Fransa ilə əməkdaşlığın əsas səbəblərindən biri də budur. 2025-ci ildə yayılan təhlillərdə Ermənistanın Rusiyadan asılılığı azaltmaq üçün müdafiə alışlarını diversifikasiya etdiyi qeyd olunurdu.

Putin visits Armenia as anti-Russia sentiment blooms | Eurasianet

Xüsusilə də Rusiya Prezidenti Vladimir Putinin Gümrüdəki 102-ci hərbi bazanın Ermənistandan çıxarılması məsələsini qaldırması fonunda vəziyyət xeyli dəyişir. Bu halda İrəvan tamamilə müdafiəsiz qala bilər. Həmçinin İrəvan KTMT-dən də üz döndərib. 

Lakin əsas sual hələ də qalır: Paşinyan hökuməti bir tərəfdən Azərbaycanla sülhdən danışır, digər tərəfdən isə Ermənistanın hərbi infrastrukturu və ordusu gücləndirilir.

Üstəlik, Qarabağ separatizminin siyasi izlərinin tam aradan qalxmadığını göstərən hadisələr də baş verir. Məsələn, sentyabrın 2-də İrəvanda Qarabağda mövcud olmuş separatçı rejimin keçmiş nümayəndələrinin “müstəqillik günü” tədbiri keçirməsi barədə məlumat yayıldı. Həmin tədbirin İrəvandakı keçmiş separatçı nümayəndəlikdə keçirilməsi rəsmi İrəvanın sülh ritorikası ilə bağlı əlavə suallar yaradıb.

Ermənistan həm sülh sazişinə getmək, həm də mümkün təhlükəsizlik risklərinə qarşı özünü daha hazırlıqlı vəziyyətə gətirmək istəyir. Başqa sözlə, İrəvan sülhü hərbi zəiflik şəraitində deyil, daha güclü ordu ilə qarşılamaq niyyətindədir. Əsas məsələ həmin ordunun hansı məqsədlə qurulacağıdır.

Əgər Ermənistan yeni ordunu yalnız sərhədlərinin müdafiəsi, dövlət təhlükəsizliyi və mümkün risklərin qarşısının alınması üçün formalaşdırırsa, bu, normal dövlət siyasəti kimi qiymətləndirilə bilər.

Amma yeni hərbi imkanlar keçmiş ərazi iddialarının yenidən gündəmə gətirilməsi, Qarabağ separatizminin siyasi formada yaşadılması və Azərbaycana qarşı revanşist düşüncələrlə birləşərsə, o zaman vəziyyət tamamilə dəyişir. Hansı ki, hazırda görünən də məhz budur. Unutmamaq lazımdır ki, 44 günlük vətən müharibəsindən sonra 2021-ci ildə istefa verən Nikol Paşinyan, seçki ərəfəsində hələ də Qarabağ hərəkatını davam etdirirdi. 

Bütün bunların birlikdə yaratdığı mənzərə Ermənistanın sadəcə “sülh ordusu” qurmadığını göstərir. İrəvan hər şeydən əvvəl məğlubiyyətdən sonra itirdiyi hərbi imkanları bərpa etməyə çalışır. Bu prosesin hara gedəcəyini isə silahların sayından çox, Ermənistanın siyasi qərarları müəyyən edəcək. Çünki güclü ordu qurmaq başqa şeydir, həmin ordudan hansı məqsədlə istifadə etmək başqa...

Ağarza Elçinoğlu