Bəzən siyasətdə bir cümlə uzun illər ərzində baş verən dəyişiklikləri ifadə etməyə kifayət edir.
Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə səsləndirdiyi “Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır” fikri də belə cümlələrdəndir. Çünki bunu vaxtilə təhlükəsizliyini xarici hərbi qüvvələrə bağlayan, Azərbaycanla münasibətlərinə isə üçüncü tərəflərin gözü ilə baxan bir ölkənin rəhbəri deyir.
Paşinyan Ermənistana KTMT və ümumiyyətlə, hər hansı xarici sülhməramlı qüvvənin gətirilməyəcəyini bildirib. Səbəbini də açıq ifadə edib: sülh bərqərar olub.
Əlbəttə, bir bəyanatla bütün problemlərin həll edildiyini söyləmək tezdir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflansa da, sənədin imzalanması və ratifikasiyası, sərhədlərin delimitasiya və demarkasiyasının yekunlaşdırılması kimi mühüm məsələlər hələ qarşıdadır. Onilliklərlə davam etmiş düşmənçiliyin cəmiyyətlərin yaddaşından qısa müddətdə silinəcəyini gözləmək də doğru olmaz.
Bununla belə, siyasi ritorikanın dəyişməsi kiçik hadisə deyil.
Bir vaxtlar Ermənistan rəhbərliyi regiona daha çox xarici qüvvənin cəlb olunmasını təhlükəsizliyin təminatı kimi təqdim edirdi. İndi isə həmin ölkənin baş naziri təhlükəsizliyin əsas təminatçısının Azərbaycan və Ermənistan xalqları olduğunu deyir. Bu, sadəcə söz dəyişikliyi deyil. Cənubi Qafqazda yaranmış yeni reallığın etirafıdır.
Azərbaycan uzun illər bildirirdi ki, regionun problemləri region dövlətlərinin iştirakı ilə həll olunmalıdır. Xarici qüvvələrin burada daimi hərbi mövcudluğu münaqişəni aradan qaldırmır, əksinə, bəzi hallarda onun ömrünü uzadır. Təcrübə göstərdi ki, bölgəyə “sülhməramlı” adı ilə gələn hər bir qüvvənin öz siyasi hesabı və maraqları olur.
Başqasının ordusuna arxalanan dövlət isə bir müddət sonra qərarlarını da tam sərbəst verə bilmir.
Paşinyanın sözlərinin əsas mənası, məncə, budur: Ermənistan təhlükəsizliyini Azərbaycanla yeni qarşıdurmada deyil, Azərbaycanla normal münasibətlərdə axtarmağa başlayır. Ən etibarlı sərhəd onun boyunca xarici hərbçilərin dayandığı sərhəd deyil. Ən etibarlı sərhəd hər iki tərəfində insanların yeni müharibə istəmədiyi sərhəddir.
Son günlərin başqa bir xəbəri də bu mənzərəni tamamlayır. Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə buğda və digər yüklər daşınır. İndiyədək bu marşrutla on minlərlə ton taxıl, gübrə, yanacaq və müxtəlif məhsullar göndərilib. Azərbaycandan Ermənistana dizel və benzin ixracı da həyata keçirilib.
İlk baxışdan bunlar adi iqtisadi xəbərlər kimi görünə bilər. Əslində isə relslərlə hərəkət edən yük vaqonları bəzən diplomatik bəyanatlardan daha aydın danışır.
Jurnalist kimi illər ərzində bölgə ilə bağlı çoxsaylı ziddiyyətli bəyanatlar eşitmişik. Ancaq bu dəfə diqqət çəkən təkcə deyilən söz deyil, həmin sözün artıq real iqtisadi addımlarla müşayiət olunmasıdır.
Dünən bir-birinə qarşı səngər qazan iki ölkə arasında bu gün yük daşınırsa, deməli, sülh tədricən siyasi sənədlərdən gündəlik həyata keçir. Həqiqi normallaşma da məhz belə başlayır: əvvəl yol açılır, sonra ticarət yaranır, daha sonra qarşılıqlı maraqlar formalaşır. İqtisadi münasibətlər genişləndikcə müharibənin qiyməti artır, sülhün qorunması isə hər iki tərəf üçün real ehtiyaca çevrilir.
Azərbaycanın yanaşması burada xüsusilə diqqət çəkir. Otuz ilə yaxın torpaqları işğal altında qalan, şəhər və kəndləri dağıdılan tərəf Azərbaycan olub. Buna baxmayaraq, müharibədən sonra Bakı Ermənistanın əbədi təcridini deyil, suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında regional əməkdaşlığı təklif etdi.
Bu, keçmişi unutmaq demək deyil. Heç kim Azərbaycandan yaşananları unutmağı tələb edə bilməz. Söhbət keçmişin faciələrini gələcək nəsillər üçün yeni müharibənin səbəbinə çevirməməkdən gedir.
Ancaq sülh yalnız bir tərəfin iradəsi ilə qoruna bilməz. Ermənistan cəmiyyətində revanşizmə ümid edən, xarici qüvvələrin köməyi ilə əvvəlki vəziyyəti bərpa etməyin mümkünlüyünü düşünən dairələr hələ də mövcuddur. Paşinyanın yerli müxalifətə sərt münasibət göstərməsi də təsadüfi deyil. Ermənistanda siyasi mübarizənin əsas xətlərindən biri ölkənin gələcək istiqamətinin müəyyənləşdirilməsi üzərində gedir.
Seçim aydındır: ya qonşularla normal münasibətlər quraraq iqtisadi imkanlardan faydalanmaq, ya da xarici qüvvələrin bölgəyə qayıdacağı ümidi ilə keçmişin arxasınca getmək.
Birinci yol çətin, amma realdır. İkinci yol isə Ermənistanı yenidən qarşıdurmaya, təcridə və asılılığa apara bilər.
Paşinyanın “ən yaxşı sülhməramlılar xalqlardır” fikri yalnız o zaman tarixi məna qazanacaq ki, bu yanaşma Ermənistanın dövlət siyasətində, təhsilində, mediasında və ictimai düşüncəsində də özünü göstərsin. Sülh tribunadan səsləndirilən cümlə kimi qalmamalı, qarşı tərəfə münasibətdə davranış normasına çevrilməlidir.
Bu gün Cənubi Qafqazın xarici sülhməramlılardan daha çox açıq yollara, işləyən dəmir yollarına, qarşılıqlı ticarətə və verilən sözə əməl edən hökumətlərə ehtiyacı var.
Sülhün qorunması üçün kənardan əsgər gətirmək lazım gəlmirsə, deməli, region nəhayət öz taleyinə özü sahib çıxmağa başlayır.
Ramil Zeynallı
Xalqlar sülhməramlı olanda silahlar susur
19:46 25-08-2026
SİYASƏT








.jpg)


.jpg)





































.jpg)

