Bir neçə gün əvvəl Təbriz şəhərindən qayıdarkən orada gördüklərimi qələmə almışdım. Qədim Azərbaycan şəhərində qızların dini hakimiyyətin illərlə tətbiq etməyə çalışdığı geyim qaydalarına baxmayaraq, öz seçimləri ilə yaşamağa can atdıqlarının şahidi oldum. Bu mənzərələr bir həqiqəti yenidən düşündürdü: insanın inancına hörmət etmək başqa şeydir, dini onun üzərində məcburiyyət vasitəsinə çevirmək isə tam başqadır.
Təbrizdə gördüklərim mənim üçün yalnız bir səfərin xatirəsi deyildi. Bu müşahidələr İranın dini-siyasi sisteminin mahiyyəti, cəmiyyətin dəyişən düşüncəsi və Azərbaycanın gələcəyi baxımından da müəyyən nəticələr çıxarmağa əsas verir. İndi Azərbaycanda məktəbli geyimi ətrafında yaranan mübahisələrə baxanda həmin mənzərələr yenidən yadıma düşür. Sual yaranır: İranın özündə belə cəmiyyətin müqaviməti ilə üzləşən dini məcburiyyət modelini niyə Azərbaycana daşımağa çalışırlar?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə dövlət ümumtəhsil müəssisələrində şagirdlərin geyim formalarına dair qaydalara dəyişiklik edilib. Qərara əsasən, müəyyən edilmiş geyim formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadəyə yol verilmir. Geyim qaydalarına riayət olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir.
Bu, dövlətin təhsil sahəsində müəyyən etdiyi hüquqi çərçivədir. Hər kəsin həmin qərarla razılaşıb-razılaşmaması isə ayrı məsələdir. Qərarla bağlı narazılığı olan şəxslər öz mövqelərini qanuni yollarla ifadə edə, müvafiq qurumlara müraciət edə və hüquqi mexanizmlərdən istifadə edə bilərlər.
Ancaq məktəblərin qapı və pəncərələrini sındırmaq, təhsil müəssisələrinin fəaliyyətinə mane olmaq, məktəbi yandırmağa çalışmaq, uşaqları qorxutmaq, elm ocağının qarşısında dini şüarlar səsləndirmək, direktorun maşınını yandırmaq və dərs prosesini pozmaq etiraz deyil. Bu, qanunun müəyyən etdiyi sərhədləri aşmaqdır.
Burada ən vacib sual budur ki, uşaqların təhsil hüququnu müdafiə etdiyini deyənlər niyə onların oxuduğu məktəbə zərər vururlar? Məktəbə gələn şagirdlərin qorxu içində qalması, müəllimlərin işinə mane olunması və tədris prosesinin pozulması hansı hüququn müdafiəsinə xidmət edir?
Təhsilin keyfiyyəti, məktəbin təhlükəsizliyi və uşaqların gələcəyi heç bir ideoloji mübarizənin girovuna çevrilməməlidir.
Təbriz səfərim zamanı diqqətimi çəkən məqamlardan biri də qadınların geyim məsələsinə münasibəti idi. İslam Respublikasında onilliklər ərzində məcburi hicab siyasəti həyata keçirilsə də, xüsusilə Məhsa Əmininin ölümündən sonra baş verən etirazlar cəmiyyətin əhəmiyyətli bir hissəsinin bu siyasətə qarşı narazılığını üzə çıxardı.
Təbriz küçələrində başıaçıq gəzən qadınları, sərbəst geyim seçimi edən gənc qızları görəndə bir məqam aydınlaşırdı: inzibati qadağalar insanın düşüncəsini və həyat tərzini istənilən formada dəyişdirə bilmir. İnsanlar öz seçimləri uğrunda mübarizə aparır, cəmiyyət isə dəyişir.
İranın dini hakimiyyəti üçün bu mənzərə ciddi ideoloji problemdir. Çünki hakimiyyətin illərlə təbliğ etdiyi model ilə cəmiyyətin müəyyən hissəsinin istəkləri arasında böyük bir ziddiyyət mövcuddur.
Belə bir şəraitdə Azərbaycanda dini geyim məsələsinin sərt qarşıdurma predmetinə çevrilməsi, məktəblərin ətrafında gərginliyin yaranması və xarici informasiya platformalarının bu mövzunu birtərəfli təqdim etməsi diqqətdən kənarda qalmamalıdır.
Burada məsələ insanların dini inanclarında deyil, dini siyasi təsir alətinə çevirərək Azərbaycan cəmiyyətinə öz qaydalarını qəbul etdirmək cəhdlərindədir.
Oktyabrın 12-də yayılan məlumatda İranın dövlət televiziya və radio qurumunun Azərbaycan dilində yayımlanan “Sahar Azəri” kanalının Türkiyənin Diyarbəkir şəhərində keçirilmiş dini tədbiri Azərbaycandakı hicablılara dəstək aksiyası kimi təqdim edib. Halbuki yayımlanan görüntülər başqa tədbirə aiddir. Belə bir təqdimat sadəcə informasiya səhvi kimi qiymətləndirilə bilməz. Bunun qəsdən edildiyi gün kimi ortadadır.
Ölkə Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı dediyi "bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" ifadəsi İrandan gələn Azərbaycan dilində təbliğatlar fonunda tam yerinə düşür.
Xarici dövlətin media platforması başqa ölkədə keçirilən tədbiri fərqli məzmunla təqdim edərək Azərbaycan cəmiyyətindəki həssas mövzunu öz siyasi və ideoloji xəttinə uyğun çərçivəyə salmağa çalışırsa, bu, ciddi suallar yaradır.
İnformasiya müharibəsi həmişə açıq təhdid və ya rəsmi bəyanat şəklində aparılmır. Bəzən məqsəd müəyyən bir hadisəni fərqli göstərmək, mövcud narazılığı böyütmək və cəmiyyət daxilində qarşıdurmanı dərinləşdirmək ola bilər. Belə hallarda faktların yoxlanılması, mənbələrin müqayisəsi və manipulyativ təqdimatların üzə çıxarılması xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın dini mövzulardakı müzakirələri də xarici siyasi mərkəzlərin təsir vasitəsinə çevrilməməlidir.
Azərbaycan dünyəvi dövlətdir. Dövlətin təməli Konstitusiyaya, qanunun aliliyinə, vətəndaşların hüquq və azadlıqlarına əsaslanır. Dini inanclar cəmiyyətin həyatında mühüm yer tuta bilər, lakin heç bir dini qrup öz baxışlarını dövlətin hüquqi sistemindən üstün tuta bilməz.
Məhz buna görə də Azərbaycanda İranın dini-siyasi modelinə bənzər quruluş yaratmaq çağırışları, “Kərimə Dövləti” adı altında irəli sürülən ideoloji təsəvvürlər və dini şüarlar vasitəsilə siyasi təsir əldə etmək cəhdləri də yaddaşımızdadır.
Azərbaycanın müstəqilliyi yalnız sərhədlərinin qorunması demək deyil. Müstəqillik həm də ölkənin təhsil sistemini, ictimai həyatını və gələcək inkişaf yolunu özü müəyyən etmək hüququdur. Başqa dövlətin dini-siyasi təcrübəsinin Azərbaycana nümunə kimi təqdim edilməsi, bu modelin zorakı üsullarla qəbul etdirilməsinə cəhd göstərilməsi də cəmiyyətin və dövlətin hüquqi çərçivəsi daxilində qiymətləndirilməlidir.
Azərbaycan qonşu dövlətlə normal münasibətlərdə maraqlıdır. Ancaq bu maraq heç bir halda ölkənin daxili məsələlərinə müdaxiləyə göz yummaq kimi başa düşülməməlidir.
Bu məsələnin başqa bir tərəfi də var. Azərbaycan qadınlarının azadlıq tarixi bugünkü mübahisələrdən xeyli əvvəl başlayıb. XX əsrin əvvəllərində qadınların təhsilə çıxışı, ictimai həyatda iştirakı və çadraya qarşı azadlıq mübarizəsi cəmiyyətin modernləşməsinin mühüm istiqamətlərindən biri olub. Xüsusilə 1920–1930-cu illərdə qadınların hüquqlarının genişləndirilməsi uğrunda mübarizə ciddi ictimai dəyişikliklərlə müşayiət edilib.
Bu tarixə yalnız geyim məsələsi kimi baxmaq düzgün deyil. Söhbət qadının öz həyatı haqqında qərar vermək, təhsil almaq, işləmək və cəmiyyətdə sərbəst iştirak etmək hüququndan gedir.
Bu gün Azərbaycan qadınının təhsil alması, dövlət idarəçiliyində, elmdə, siyasətdə, mediada və iqtisadiyyatda iştirak etməsi normal qəbul olunur. Bununla belə, həmin imkanlar öz-özünə yaranmayıb. Onların arxasında uzunmüddətli ictimai mübarizə, maarifçilik və hüquqi inkişaf dayanır.Ona görə də qadınların geyimi üzərindən cəmiyyətdə təzyiq yaratmağa, uşaqları dini və ya siyasi qarşıdurmanın mərkəzinə çəkməyə çalışan yanaşmalar qəbul edilməməlidir.
Dünyəvilik dinə qarşı mübarizə deyil. Dünyəvilik dövlətin bütün vətəndaşlara bərabər yanaşması, təhsil və hüquq sisteminin dini göstərişlərdən asılı olmaması deməkdir.
Məktəblərin fəaliyyətinə mane olan, əmlaka zərər vuran və uşaqları qorxudan şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməlidir.
İranın Azərbaycana qarşı mümkün ideoloji və informasiya təsirlərinə də məhz bu prinsiplər əsasında cavab verilməlidir. Sübut olunmamış iddialar irəli sürmək, bütün dindarları eyni mövqedə göstərmək və cəmiyyəti süni şəkildə iki düşərgəyə bölmək faydalı deyil. Əksinə, faktların araşdırılması, xarici təbliğatın vaxtında ifşası və vətəndaşların hüquqi maarifləndirilməsi daha təsirli nəticə verə bilər.
Bu gün Azərbaycanda uşaqlar məktəbdə qorxu ilə deyil, biliklə böyüməli, qadınlar öz seçimlərini təzyiq altında deyil, sərbəst şəkildə etməli, qərarlar isə yalnız qanun çərçivəsində müzakirə olunmalıdır.
Azərbaycanın gələcəyi dini xürafatda, zorakı qarşıdurmada və xarici ideoloji təsirdə deyil. Gələcək təhsildə, elmdə, müasir düşüncədə və qanunun aliliyindədir. Bizim qorumağa borclu olduğumuz ən böyük dəyərlərdən biri də məhz budur!
Ağarza Elçinoğlu



.jpg)

.jpg)















.jpg)





























