Expressbankın Müştəri xidmətləri və Maliyyə departamentlərinə yeni direktorlar təyin olunub.

“Unikal” xəbər verir ki, daha əvvəl Expressbankın Yasamal filialının müdiri vəzifəsində çalışan Adil Kamilov Müştəri xidmətləri departamentinin direktoru təyin edilib. Bankın Maliyyə departamentinin direktoru vəzifəsinə isə Emil Hüseynli gətirilib.

Adil Kamilov Azərbaycan Dövlət Aqrar Universitetində İstehsalın və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Peşəkar fəaliyyətinə 2007-ci ildə bank-maliyyə sektorunda başlayıb. O, 2008-ci ildən “Unibank” ASC-də müxtəlif vəzifələrdə çalışaraq filial müdiri vəzifəsinə yüksəlib və 2009–2015-ci illərdə bu vəzifədə fəaliyyət göstərib.

Adil Kamilov 2015-ci ildən “Expressbank” ASC-də fəaliyyətə başlayıb, bankın Elmlər Akademiyası və Yasamal filiallarının müdiri vəzifələrində çalışıb.

Expressbankın Maliyyə departamentinin yeni direktoru Emil Hüseynli “Akdeniz” Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə ali təhsil alıb. O, karyerasına 2015-ci ildə “Dəmirbank” ASC-də başlayıb. Burada maliyyə nəzarəti, hesabatlıq və təhlil, büdcə və planlaşdırma, eləcə də maliyyə təhlili istiqamətlərində çalışıb.

Emil Hüseynli 2018-ci ildə “Expressbank” ASC-də fəaliyyətə başlayaraq bankın Maliyyə departamentində büdcə və maliyyə nəzarəti üzrə müxtəlif vəzifələrdə çalışıb. O, 2021-ci ildə “Kapital Bank” ASC-də analitika istiqamətində fəaliyyətini davam etdirib. Həmin ildən 2026-cı ilin avqustunadək isə “Unibank” ASC-nin Maliyyə menecmenti departamentinin Maliyyə effektivliyinin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Yeni təyinatların bankın müştəri xidmətlərinin və maliyyə idarəetməsinin inkişafına, eləcə də strateji hədəflərinin həyata keçirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.