Dünyada yeni geosiyasi və iqtisadi reallıqlar formalaşır. Böyük dövlətlər arasında rəqabət artır, qlobal ticarət marşrutları dəyişir, alternativ nəqliyyat dəhlizlərinə ehtiyac yüksəlir. Belə bir şəraitdə coğrafi mövqeyi, siyasi sabitliyi, enerji və logistika imkanları olan ölkələrin əhəmiyyəti artır.

Azərbaycan da məhz bu dəyişikliklərin yaratdığı imkanlardan istifadə edə bilən ölkələrdəndir.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün Qırğız Respublikasına işgüzar səfərdədir. Bu səfər təkcə diplomatik təqvimdə növbəti görüş kimi qiymətləndirilə bilməz. Onun əsas siyasi mesajlarından biri Azərbaycanın artıq regional prosesləri kənardan izləyən deyil, böyük geosiyasi platformalarda mövqeyi nəzərə alınan ölkəyə çevrilməsidir.

Bu gün ŞƏT dünyanın ən böyük regional əməkdaşlıq platformalarından biridir. Çin və Rusiya ilə yanaşı, Hindistan, Pakistan, İran və Mərkəzi Asiya dövlətlərini bir araya gətirən bu təşkilatın gündəliyi təhlükəsizlik məsələlərindən çoxdan kənara çıxıb. Nəqliyyat dəhlizləri, enerji, ticarət, rəqəmsal iqtisadiyyat, logistika və humanitar əlaqələr ŞƏT məkanının gələcək inkişafında əsas istiqamətlər sırasındadır.

Məhz bu məqamda Azərbaycanın rolu ayrıca əhəmiyyət qazanır.

Azərbaycanın ŞƏT üçün əhəmiyyəti ilk növbədə onun coğrafi mövqeyi və nəqliyyat imkanları ilə bağlıdır. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında formalaşan yeni nəqliyyat xəritəsinin mühüm halqalarından biridir. Xüsusilə Orta Dəhlizin inkişafı fonunda Mərkəzi Asiyanın Çin bazarlarına, oradan isə Avropa istiqamətinə çıxışında Azərbaycan ərazisi mühüm tranzit məkan kimi çıxış edir.

Bu, ŞƏT üçün sadəcə coğrafi üstünlük deyil. Təşkilatın iqtisadi potensialının reallaşdırılması üçün böyük əhəmiyyət daşıyan praktiki imkanlardan biridir.

Azerbaijani PM: Middle Corridor strengthens Azerbaijan's position as  transit hub

Çin və Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış marşrutlarının şaxələndirilməsi, qlobal ticarət yollarında alternativlərin artırılması və yükdaşımaların daha təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsi Azərbaycanın rolunu yüksəldir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və inkişaf etdirilən digər logistika infrastrukturu Azərbaycanın bu prosesdə yalnız tranzit ölkə deyil, regional logistika qovşağı kimi mövqeyini möhkəmləndirir.

Azərbaycanın ŞƏT üçün digər mühüm üstünlüyü enerji təhlükəsizliyində oynadığı roldur.

Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən biridir. Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çıxarılması ilə yanaşı, Azərbaycanın enerji marşrutlarının şaxələndirilməsi sahəsində formalaşdırdığı təcrübə ŞƏT məkanında da diqqət çəkir. Enerji resurslarının daşınması ilə nəqliyyat və logistika imkanlarının bir-birini tamamlaması Azərbaycanın geoiqtisadi çəkisini daha da artırır.

Burada mühüm bir məqam var: Azərbaycan öz ərazisindən keçən nəqliyyat və enerji layihələrini yalnız milli iqtisadi maraqlar çərçivəsində deyil, daha geniş regional əməkdaşlıq modelinin tərkib hissəsi kimi təqdim edir. Bu yanaşma ŞƏT-in iqtisadi inteqrasiya gündəliyi ilə üst-üstə düşür.

Azərbaycanın üstünlüyü həm də onun müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq edə bilməsidir.

Bugünkü beynəlxalq münasibətlər sistemində belə imkan hər ölkəyə nəsib olmur. Azərbaycan Çinlə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir, Rusiya ilə qonşuluq və qarşılıqlı maraqlara əsaslanan əlaqələr saxlayır, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini strateji səviyyəyə yüksəldir, eyni zamanda Avropa ilə enerji və nəqliyyat sahələrində əməkdaşlıq edir.

İlham Əliyevin Çinə işgüzar səfəri » Azərbaycan Prezidentinin Rəsmi  internet səhifəsi

Bu çoxvektorlu siyasət Azərbaycanın ŞƏT üçün dəyərini artırır. Çünki Bakı müxtəlif geosiyasi istiqamətləri bir-birinə bağlayan ölkə kimi çıxış edə bilir.

Başqa sözlə, Azərbaycan ŞƏT üçün təşkilatın coğrafi sərhədlərindən kənarda yerləşən adi dialoq tərəfdaşı deyil. Azərbaycan ŞƏT məkanının Avropa ilə əlaqələndirilməsi baxımından strateji körpülərdən biridir.

Azərbaycanın təşkilat daxilində dialoq tərəfdaşı statusu da xüsusi siyasi məna daşıyır. Bakı ŞƏT-in üzvü olmadan belə təşkilatın gündəliyində yer alan əsas məsələlər üzrə öz mövqeyini ortaya qoyur. Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyevin bu cür yüksək səviyyəli toplantılarda iştirakı ölkənin siyasi çəkisinin və beynəlxalq dialoq imkanlarının göstəricisidir.

Azərbaycanın ŞƏT üçün əhəmiyyətini artıran daha bir amil Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin güclənməsidir. Son illərdə Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat və humanitar əlaqələri əhəmiyyətli dərəcədə genişləndirib. Bu proses təkcə ikitərəfli münasibətlərə deyil, daha geniş Avrasiya əməkdaşlığına xidmət edir.

Azərbaycanın təşəbbüsü ilə və iştirakı ilə həyata keçirilən layihələr Xəzər dənizinin iki sahilini bir-birinə daha sıx bağlayır. Mərkəzi Asiyanın enerji və logistika imkanları Azərbaycan üzərindən Qərb bazarlarına çıxış əldə edir. Eyni zamanda Avropanın Şərq istiqamətindəki nəqliyyat və enerji maraqları Azərbaycan üzərindən Mərkəzi Asiyaya bağlanır.

Beləliklə, xəritəyə baxdıqda Azərbaycanın əhəmiyyəti daha aydın görünür: Azərbaycan Şərqlə Qərb arasında coğrafi keçid deyil, yeni iqtisadi və geosiyasi əlaqələrin formalaşdığı mərkəzi qovşaqlardan biridir.

Prezident İlham Əliyevin ŞƏT tədbirlərində iştirakı da bu reallığın siyasi müstəvidə ifadəsidir.

Azerbaijani leader Ilham Aliyev speaks at an SCO summit event in China on September 1. Azerbaijan figures centrally in several simmering disputes and rivalries among SCO states. (Photo: president.az)

Azərbaycanın xarici siyasətində son illərdə diqqət çəkən əsas məqamlardan biri budur ki, Bakı beynəlxalq platformalarda yalnız gündəmdə olan məsələlərə münasibət bildirmir, həm də özünün təklif etdiyi əməkdaşlıq imkanlarını masaya gətirir. Nəqliyyat, enerji, regional təhlükəsizlik, iqtisadi əlaqələr və qarşılıqlı etimad məsələlərində Azərbaycanın mövqeyi artıq regional çərçivəni aşır.

Bu mənada, Azərbaycanın ŞƏT-də iştirakı təşkilatın Bakı üçün nə qədər vacib olmasından daha çox, Bakının ŞƏT üçün nə qədər faydalı tərəfdaş ola bildiyini göstərir.

Bu gün dünyanın harasında mühüm bir masa qurulursa, Azərbaycanın həmin masada olması təsadüfi deyil. Bunun arxasında ölkənin son illərdə formalaşdırdığı siyasi kapital, iqtisadi imkanlar, nəqliyyat infrastrukturu, enerji potensialı və ən əsası, müstəqil xarici siyasət xətti dayanır.

Azərbaycan artıq yalnız regionun xəritəsində yerləşən ölkə deyil. O, regionları birləşdirən xəritənin özündə mühüm yer tutur.

Bu isə Bakının beynəlxalq masalarda iştirakını formal diplomatik təmsilçilikdən çıxarıb real siyasi və geoiqtisadi çəkisi olan tərəfdaşlıq səviyyəsinə gətirir.

Ağarza Elçinoğlu