Bəzi tarixi abidələr yalnız keçmişi göstərir. Gədəbəydəki “Qanlı körpü” isə həm keçmişi göstərir, həm də insanlara keçmiş haqqında danışır. Gədəbəyin dağları yalnız təbiətin yaratdığı mənzərələrlə deyil, XIX əsrdən bu günə qədər gəlib çatan sənaye və mühəndislik izləri ilə də diqqət çəkir. Dağların arasında, vaxtilə qatarların keçdiyi daş tağların üzərində isə bu gün başqa bir tarix yaşayır. Yerli sakinlərin “Qanlı körpü” adlandırdığı Siemens körpüsü həm Azərbaycanın sənaye tarixinin, həm də yaddaşlarda qorunan faciəli bir hadisənin səssiz şahididir.

"Unikal" Siemens qardaşlarının təqribən 150 il əvvəl inşa etdirdiyi daş körpünün tarixçəsini araşdırıb. 

Körpüyə yaxınlaşdıqca onun yaşını ilk baxışdan hiss etmək mümkündür. Daşların üzərində zamanın izləri görünür. Bir vaxtlar ağır sənaye yükünü daşıyan bu tikili indi sakit dağ mənzərəsinin içindədir. Lakin körpünün hekayəsi o qədər də sakit deyil. Gədəbəyin müasir sənaye tarixinin mühüm mərhələsi XIX əsrin ortalarına təsadüf edir. Bölgədə mis filizi yataqları aşkar edildikdən sonra 1855–1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu yaradılmışdı. 1865-ci ildə zavod Almaniyanın Siemens şirkəti tərəfindən alınaraq yenidən quruldu.

Siemens qardaşlarının Gədəbəydəki fəaliyyəti yalnız mədən və metallurgiya ilə məhdudlaşmırdı. Dağlıq relyef xammalın mədəndən emal müəssisələrinə daşınmasını ciddi problemə çevirirdi. Buna görə də şirkət burada dəmir yolu infrastrukturu yaratmağa başladı.

1879-cu ildə Gədəbəy ilə Qalakənd arasında təxminən 28 kilometrlik dəmir yolu xətti istifadəyə verildi. Mənbələr bu xətti Cənubi Qafqazın ilk sənaye dəmir yolu kimi təqdim edir. 

Dağların, dərələrin və kəskin yüksəklik fərqlərinin olduğu ərazidə dəmir yolu çəkmək isə adi tikinti işi deyildi. Siemens qardaşlarının Gədəbəy mis mədənləri və zavodları ilə bağlı fəaliyyəti dövründə dəmir yolu xətti boyunca təxminən 7 körpü inşa edilmişdi. Səbəb ərazinin relyefi və relslərin dağlıq ərazidə təhlükəsiz şəkildə yerləşdirilməsi zərurəti idi.

Bu gün həmin körpülərin yalnız bir hissəsi qalıb. Bəziləri dağılıb, bəziləri isə təbiətin içində öz ilkin görünüşünü qismən qoruyub.

Bu körpülər əslində yalnız nəqliyyat infrastrukturu deyildi. Onlar XIX əsrin sonlarında Gədəbəydə sənaye inqilabının necə həyata keçirildiyini göstərən mühəndislik nümunələridir.

Bəs niyə “Qanlı körpü”?

Körpünün “qanlı” adının arxasında real faciə dayanır. Onun ən çox danışılan və digərlərindən fərqləndirən xüsusiyyəti də məhz adıdır. “Qanlı körpü” adı rəsmi tikinti sənədlərindən deyil, yerli yaddaşdan gəlir. Yayılmış rəvayətə görə, mədəndə çalışan fəhlələri daşıyan vaqonlardan biri körpüdən keçərkən qəzaya uğrayıb. Vaqonun körpüdən aşması nəticəsində içəridə olan fəhlələrin hamısının öldüyü bildirilir. Bundan sonra körpü yerli əhali arasında “Qanlı körpü” kimi tanınmağa başlayıb.

Beləliklə, bu gün dağların arasında tək qalmış kimi görünən körpü əslində daha böyük sistemin bir hissəsi idi: mədənlər, dəmir yolu, zavodlar, elektrik infrastrukturu və fəhlə yaşayış məntəqələri bir-birini tamamlayırdı.

Dəmir yolunun cəmi 28 kilometrlik xətti dağlıq ərazidən keçirdi. Burada dörd lokomotiv və 33 vaqon işləyirdi.  Bu rəqəmlər bugünkü standartlarla kiçik görünə bilər. Lakin XIX əsrin sonlarında Qafqazın mürəkkəb dağ relyefində belə bir sənaye dəmir yolunun qurulması ciddi mühəndislik imkanları tələb edirdi.

Məhz körpülər həmin sistemin ən mürəkkəb elementlərindən biri idi. Dərələr və yüksəkliklər üzərində inşa edilmiş daş tağlar rels xəttinin fasiləsizliyini təmin edirdi. Bu baxımdan “Qanlı körpü” yalnız bir abidə deyil, dövrünün nəqliyyat texnologiyasının canlı nümunəsidir.

Siemenslərin qurduğu Gədəbəyin “Qanlı körpü”sü ilk baxışda sadəcə köhnə bir daş tikilidir. Lakin onun üzərində dayananda mənzərə dəyişir. Bir vaxtlar həmin tağların üzərindən mədənlərdən zavodlara filiz daşıyan qatarlar keçirdi. Lokomotivlərin səsi dağlarda əks-səda verirdi. Sonra həmin dəmir yolu tarixə çevrildi. Qatarlar getdi, relslər yox oldu, zavodlar fəaliyyətini dayandırdı. 

Onlardan biri isə digərindən fərqli olaraq tarixə daha ağır adla, "Qanlı körpü" adı ilə düşdü. 

Bu adın arxasında dayanan faciənin bütün detalları bu günə qədər sənədlərlə aydınlaşdırılmasa da, onun yerli yaddaşda yaşaması özü mühüm faktordur. Çünki tarix yalnız arxivlərdə yazılmır. Bəzən o, dağın döşündəki bir daş körpüdə, yaşlı sakinlərin danışdığı bir əhvalatda və nəsildən-nəslə ötürülən bir adda yaşayır.

Gədəbəyin “Qanlı körpü”sü də məhz belə bir yaddaş məkanıdır: bir tərəfi sənaye tarixinin, digər tərəfi isə insan faciəsinin üzərində qurulmuş daş salnamə...

Müxbir: Ağarza Elçinoğlu

Video: Turqut Sultan