Cari ilin yanvar-iyun aylarında istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,7 faiz, qeyri-qida məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb.
Dövlət Statistika Komitəsindən "Unikal"a bildirilib ki, 2025-ci ilin iyun ayı ilə müqayisədə illik istehlak qiymətləri 5,8 faiz artıb, son bir ayda isə 0,3 faiz azalıb.
Bu ilin iyun ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,7 faiz azalıb, əvvəlki ilin müvafiq ayına nisbətən 7,1 faiz artıb. İyunda əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, toyuq əti, yoqurt, qatıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, ərik, ağ kələm, soğan, qazlı və qazsız suların qiymətləri bahalaşıb, təzə balıq, yumurta, banan, alça, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, süfrə çuğunduru, sarımsaq və kartofun qiymətləri ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İyun ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 3,8 faiz artıb. İyunda əvvəlki ayla müqayisədə boya, mebel, avtomobillər üçün mühərrik yağı və mobil telefonların qiymətləri bahalaşıb, məişət avadanlıqları və zərgərlik məmulatlarının qiymətləri ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər olmayıb.
Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 5,6 faiz təşkil edib. İyunda əvvəlki ayla müqayisədə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədaxili istirahət turlarının qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.























_1779806048.jpeg)






















.jpg)
